AnalitikaGündəmSiyasət

Ağdam Şəhəri Günü zəfərin simvoludur

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 20 Noyabr – Ağdam ŞəhəriGünü xalqımızın qürur, birlik və əzmkarlıq rəmzidir. 30 ilə yaxın davam edən işğaldövründən sonra Ağdamın dinc yolla azad olunması Azərbaycanın diplomatik vəhərbi sahədə əldə etdiyi tarixi qələbənin mühüm tərkib hissəsidir. Bu gün təkcə birşəhərin azad olunması deyil, həm də haqqın, ədalətin və tarixi yaddaşın bərpasıdeməkdir. Qarabağın incilərindən biri olan Ağdam qədim tarixi, zəngin mədəniyyəti və unikal memarlıq abidələri ilə həmişə seçilib. Bölgə Azərbaycanın iqtisadi və mədəni həyatında mühüm rol oynamış, kənd təsərrüfatı, xüsusilə üzümçülük, taxılçılıq sahələrində ölkənin aparıcı mərkəzlərindən biri olmuşdur. Ağdam eyni zamanda görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin vətənidir. Muğam sənətinin inkişafında və təbliğində Ağdam məktəbinin müstəsna xidmətləri var. Şəhər təkcə coğrafi məkandan ibarət deyil, Azərbaycanın mənəvi kodlarının və milli kimliyinin ayrılmaz hissəsidir.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Ağdam ağır dağıntılara məruz qaldı. İşğal nəticəsində şəhər tamamilə viran edildi, tarixi abidələr, məscidlər, qəbiristanlıqlar və sosial infrastruktur yerlə-yeksan olundu. Dünya ictimaiyyəti və beynəlxalq media nümayəndələri işğaldan sonra Ağdama səfər edərkən gördükləri mənzərəni “Qafqazın Xirosiması” adlandırmışdılar. Şəhərin daşüstündə daş qoyulmamışdı, hər qarış torpaq minalanmışdı. Lakin bütün bu vandalizmə baxmayaraq, ağdamlıların və bütövlükdə Azərbaycan xalqının qəlbində doğma yurda qayıdış ümidi heç vaxt sönmədi. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatı düşməni diz çökdürdü. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 10 Noyabr üçtərəfli Bəyanatına əsasən, hərbi əməliyyatlara son qoyuldu və Ağdam rayonu bir güllə atılmadan, bir damla qan tökülmədən, siyasi-diplomatik yolla noyabrın 20-də azad edildi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdama daxil oldu və üçrəngli Azərbaycan bayrağı şəhərin mərkəzində ucaldıldı. Bu tarix Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandığı böyük zəfərin təntənəsi idi.

Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri XXI əsrin ən böyük şəhərsalma layihələrindən biri hesab olunur. Dövlət başçısınıntəşəbbüsü ilə Ağdam şəhərinin baş planı hazırlanıb və “Ağıllı şəhər“, “Ağıllı kənd” konsepsiyalarına uyğun olaraq müasir infrastruktur qurulur. Bərdə-Ağdam avtomobil və dəmir yolu xətlərinin çəkilməsi, enerji, su və rabitə xətlərinin bərpası bölgənin iqtisadi həyatını yenidən canlandırır. Ağdam Sənaye Parkının yaradılması sahibkarlar üçün geniş imkanlar açır, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin edilməsinə xidmət edir. Erməni vandalizminə məruz qalmış Ağdam Cümə məscidi və digər tarixi-mədəni abidələr əsaslı şəkildə bərpa olunaraq öz əvvəlki görkəminə qaytarılır.

20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin və şəhidlərimizin qanı bahasına əldə edilmiş zəfərin simvoludur. Dağıdılmış Ağdam bu gün əzmlə və sürətlə yenidən qurulur, sabahın müasir, yaşıl və çiçəklənən məkanına çevrilir. Doğma yurdlarından ayrı düşmüş ağdamlıların ata-baba yurdlarına qayıdışı artıq reallığa çevrilir və bu dirçəliş hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaradır.

 Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button