Azərbaycan Avrasiyanın vacib nəqliyyat mərkəzlərindən biridir
Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizin nəqliyyat imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasını şərtləndirir. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdə qərarlaşır. Bu sahəyə qoyulmuş vəsait ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Proqramında bu mühüm məqam öz əksini tapır ki, son dövrlər regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda yaranmış problemlər Azərbaycan ərazisindən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində kəskin artıma səbəb olmuşdur. Artan tələbatın qarşılanması, Azərbaycanın tranzit potensialının daha da gücləndirilməsi, eləcə də ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün qısa və orta müddətli perspektivdə həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sənədin hazırlanmasına ehtiyac yaranmışdı. Bununla əlaqədar hazırlanmış “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” nəqliyyat sahəsində, xüsusilə tranzit yükdaşımalarında qlobal trendləri nəzərə almaqla mövcud vəziyyətin təhlilini və ölkəmizin tranzit potensialının daha da artırılması üçün hədəf göstəriciləri, məqsədləri, prioritet istiqamətləri və tədbirlər planını özündə ehtiva edir.
Ölkəmizin, o cümlədən regionların və paytaxt Bakının inkişafı, artan əhali sayı nəqliyyat infrastrukturunun yenilənməsini, imkanların artırırlmasını tələb edir. Prezident İlham Əliyev yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanın nəqliyyat imkanlarından, nəqliyyat infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi istiqamətində atılan addımlardan, eyni zamanda, hazırkı dövrün əsas çağırışlarından olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri fonunda həyata keçirilən mühüm nəqliyyat layihələrindən geniş bəhs etdi.
Ölkəmizin bütün ərazilərində, o cümlədən azad edilmiş ərazilərdə nəqliyyat layihələrinin icrası sürətlə davam etdiriləcək. Azərbaycan hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Buna əsas verən təbii ki, düşünülmüş siyasətdir.
Alidə Aslanova,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi