Revanşizm və tarixi saxtakarlıq: Diplomatik Korpusun Qarabağ səfəri fonunda Ermənistanın destruktiv mövqeyi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən miqyaslı bərpa, quruculuq və reinteqrasiya prosesləri beynəlxalq ictimaiyyətin yaxından izlədiyi əsas hadisələrdəndir. Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin bu regionlara təşkil edilən səfərləri reallıqların yerində qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Lakin həmin səfərlərə Ermənistan cəmiyyətinin, siyasi dairələrinin və revanşist qüvvələrin sərgilədiyi qərəzli, qəbuledilməz reaksiya bir daha göstərir ki, rəsmi İrəvan hələ də konstruktiv dialoqdan uzaqdır və sülh prosesini kölgə altına almağa çalışır.
Azərbaycan ərazisində, xüsusilə işğaldan azad edilmiş torpaqlarda mövcud olan Qafqaz Albaniyası irsi dünya tarix elminə və beynəlxalq alimə çoxdan məlumdur. Ermənistan cəmiyyətində və elmi dairələrində Qafqaz Albaniyasının və onun zəngin mədəni irsinin davamlı olaraq inkar edilməsi, əslində, faktiki irqçilik və dözümsüzlük kimi qiymətləndirilməlidir.
Ermənistan cəmiyyəti bu tarixi reallıqlarla barışmaq istəmir. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi, dini və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, ölkə qanunvericiliyinə uyğun olaraq dövlət tərəfindən hərtərəfli qorunur.
Bunun əksinə olaraq, Ermənistan xalqımızın əsrlər boyu öz dədə-baba torpaqlarında – Qərbi Azərbaycanda min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, məscidləri, qəbiristanlıqları və yaşayış yerlərini qəsdən məhv etmişdir. Bu addımlar 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.
Ermənistan daxilində revanşist qüvvələrin mövcudluğu sirr deyil, lakin təhlillər göstərir ki, bu qüvvələr təkcə müxalifətlə məhdudlaşmır. Cəmiyyətdə yayılan qarayaxma kampaniyaları və təxribatçı məlumatların arxasında bilavasitə Ermənistan hakimiyyətinin özü dayanır. Bir çox təbliğat materialları və yazılar birbaşa hakim partiyaya yaxın resurslarda və mediada işıqlandırılır.
Ermənistan 44 günlük Vətən müharibəsində məğlub olduğu üçün sülhə məcbur edilmişdir. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin sülh müqaviləsindən başqa yolu qalmasa da, onların apardığı ikili oyunlar açıq-aşkar görünür. Hakimiyyətin dirijorluğu ilə həyata keçirilən bu kampaniyalar İrəvanın sülh prosesinə qəsdən zərbə endirmək niyyətini sübut edir.
Rəsmi İrəvanın destruktiv mövqeyinin növbəti bariz nümunəsi parlament rəhbərliyinin sərgilədiyi addımlardır. Parlamentin sədri Ruben Rubinyanın açıqlamaları Azərbaycanın daxili işlərinə açıq müdaxilədir. Ermənistan parlamentində 2022-ci ilin sentyabr ayında sərhəddə törədilmiş hərbi təxribatlar zamanı məhv edilmiş hərbçilərin xatirəsinin yad edilməsi bəhanəsi ilə revanşizm əhval-ruhiyyəsinin qızışdırılması qəbuledilməzdir. Xatırlatmaq lazımdır ki, həmin hərbi təxribatları məhz Ermənistan törətmiş, Azərbaycan isə öz suveren sərhədlərini qorumaq üçün adekvat cavab tədbirləri görmək məcburiyyətində qalmışdı.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin və rəsmi dairələrinin reaksiyası həm qəbuledilməzdir, həm də beynəlxalq hüquqa hörmətsizliyin göstəricisidir. Qarabağ Azərbaycanın suveren ərazisidir və xarici diplomatların bu bölgəyə səfərini tənqid etmək Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Ermənistanın tarixi saxtalaşdırma cəhdləri, irqçi yanaşmaları və dövlət səviyyəsində revanşizmin dəstəklənməsi regionda uzunmüddətli sülhün əldə olunmasına əsas maneədir.
Səbirə Həsənova,
Nizami rayonu 10 saylı məktəbin direktor müavini



