AnalitikaGündəmSosial
Trend

Azərbaycan milli mətbuatının yeni inkişaf dövrü: informasiya suverenliyindən süni intellekt çağırışlarına

“Azərbaycan milli mətbuatının 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə başlanan inkişaf yolu yalnız jurnalistika tarixinin deyil, milli düşüncənin formalaşmasının mühüm mərhələsidir. Cəmi 56 sayı nəşr olunan “Əkinçi”nin yaratdığı ideya məktəbi göstərdi ki, mətbuatın real gücü tirajında deyil, cəmiyyətin düşüncə sisteminə təsir imkanındadır. Sonrakı dövrlərdə “Molla Nəsrəddin”, “Füyuzat”, “Şərqi-Rus”, “Həyat” və digər nəşrlər bu missiyanı davam etdirərək milli özünüdərk və ictimai fikir üçün intellektual platforma formalaşdırdılar”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirirb ki, bu tarixi xətt bu gün tamamilə yeni geosiyasi və texnoloji reallıqda davam edir: “Müasir media artıq yalnız xəbər istehsal edən institut deyil. O, informasiya təhlükəsizliyinin, ictimai etimadın və dövlətin kommunikasiya dayanıqlılığının strateji elementinə çevrilib. Rəqəmsal platformaların sərhədsizliyi, dezinformasiyanın sürətlə yayılması və süni intellekt vasitəsilə manipulyativ məzmun istehsalının asanlaşması “informasiya suverenliyi” anlayışını milli təhlükəsizliyin əsas komponentlərindən birinə çevirir”.

“Azərbaycanda media sahəsində aparılan institusional və hüquqi islahatlar da bu transformasiyanın məntiqinə uyğun inkişaf edir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, senzuranın ləğvindən müasir media qanunvericiliyinin formalaşdırılmasına, media subyektlərinin iqtisadi dayanıqlığının dəstəklənməsindən yeni idarəetmə mexanizmlərinə keçidədək atılan addımlar göstərir ki, əsas çağırış artıq yalnız informasiya azadlığını təmin etmək deyil, azadlıq, məsuliyyət və milli informasiya təhlükəsizliyi arasında effektiv balans yaratmaqdır: “Xatırlatmaq yerinə düşər ki, hələ 1970-1980-ci illərdə respublikaya rəhbərliyi dönəmində Ümummilli lider Heydər Əliyev yazılı mətbuat, kitab çapı ilə yanaşı televiziya və radionun da inkişafına xüsusi diqqət ayırırdı. Ulu Öndərin Azərbaycan mətbuatının inkişafında rolu özünü müstəqillik illərində, xüsusilə, göstərib. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi. Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövründə isə milli mətbuatımız keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldi”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, süni intellekt dövründə jurnalistikanın ən qiymətli kapitalı operativlikdən daha çox etibarlılıq olacaq: “Çünki xəbəri saniyələr ərzində generasiya etmək mümkündür, lakin onun həqiqiliyini yoxlamaq, kontekstini düzgün qurmaq və ictimai nəticələrini qiymətləndirmək peşəkar jurnalistikanın əvəzolunmaz funksiyası olaraq qalır. Elə Şuşada keçirilən Qlobal Media Forumlarının gündəliyinin yeni media və dezinformasiyadan süni intellekt, media dayanıqlılığı, sülh və ictimai etimada doğru genişlənməsi də bu dəyişimin göstəricisidir. Azərbaycan mediasının qarşıdakı strateji üstünlüyü texnologiyanı sadəcə mənimsəməkdə deyil, onu milli maraqlar, peşə etikası və etibarlı informasiya prinsipləri ilə uzlaşdırmaqda olacaq. 151 illik tarixə malik milli mətbuat üçün yeni mərhələnin əsas sualı artıq “informasiyanı kim daha tez yayacaq?” deyil. Əsas sual budur ki, sürətlə dəyişən informasiya dünyasında cəmiyyət kimin sözünə etibar edəcək? Gələcəyin media gücü məhz bu etimadı qazana və qoruya bilənlərin əlində olacaq”.

Oxşar Xəbərlər

Back to top button