
Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixən ortaq köklərə, dil və mədəni yaxınlığa, mənəvi dəyərlərə əsaslanıb. Bu iki qardaş xalq əsrlər boyu formalaşdırdığı dostluq və qarşılıqlı rəğbət ənənələrini bu gün də uğurla yaşadır. Son illərdə dövlət başçıları arasında yaranmış səmimi münasibətlər və qarşılıqlı etimad ölkələrimizin əlaqələrini daha yüksək mərhələyə yüksəldib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də vurğulandığı kimi, Azərbaycan-Özbəkistan münasibətləri artıq sadəcə dostluq və strateji tərəfdaşlıq çərçivəsində deyil, müttəfiqlik səviyyəsində inkişaf edir. Bu, iki xalqın ortaq iradəsinin və dövlətlərimizin gələcəyə hesablanmış siyasətinin mühüm nəticəsidir.
İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsi münasibətlərin dinamik inkişafında xüsusi rol oynayır. Son beş ildə ən yüksək səviyyədə həyata keçirilən çoxsaylı qarşılıqlı səfərlər, dövlət başçılarının görüşləri və imzalanan mühüm sənədlər əməkdaşlığın hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” Azərbaycan ilə Özbəkistan arasında təbii qardaşlıq bağlarını rəsmi müttəfiqlik münasibətləri ilə daha da gücləndirib. 2023-cü ildə təsis olunan Ali Dövlətlərarası Şura isə uzunmüddətli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi baxımından mühüm platformaya çevrilib.
Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticari əlaqələrin inkişafı da xüsusi diqqətə layiqdir. Ticarət dövriyyəsinin sürətlə artması, qarşılıqlı investisiyaların genişlənməsi və birgə istehsal layihələrinin həyata keçirilməsi hər iki ölkənin iqtisadi potensialının səmərəli şəkildə birləşdirildiyini göstərir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti yeni layihələrin maliyyələşdirilməsi üçün geniş imkanlar yaradır. Sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində əməkdaşlığın genişlənməsi iqtisadi münasibətlərə yeni məzmun verir. Məncə, ən vacib məqamlardan biri də budur ki, iki ölkənin iqtisadi imkanları bir-birini tamamlayır və bu qarşılıqlı üstünlük gələcəkdə daha böyük ortaq layihələrin həyata keçirilməsinə şərait yaradır.
Energetika, yaşıl enerji, nəqliyyat və logistika sahələri də Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindəndir. Neft-qaz sektorunda fəaliyyət göstərən birgə müəssisələr və yeni enerji layihələri ölkələrimizin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığını genişləndirir. Eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan addımlar regionun enerji gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Tranzit daşımalarının həcminin artması və nəqliyyat marşrutlarının genişləndirilməsi isə Azərbaycanla Özbəkistanın Şərqlə Qərbi birləşdirən strateji mövqeyindən daha səmərəli istifadə etməyə imkan verir. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə regionun iqtisadi inkişafına və əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
İki qardaş ölkə arasındakı münasibətlərin ən güclü sütunlarından biri mədəni və humanitar əməkdaşlıqdır. Ortaq tarix, dil yaxınlığı, zəngin mədəni irs və mənəvi dəyərlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Son illərdə keçirilən mədəniyyət günləri, festivallar, elmi konfranslar və müxtəlif humanitar layihələr bu əlaqələrin inkişafına böyük töhfə verib. “Şuşa Günləri”nin Xivədə keçirilməsi, Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması və digər mədəni təşəbbüslər qardaşlığımızın gözəl nümunələridir. Təhsil sahəsində qarşılıqlı əməkdaşlıq, tələbələrin hər iki ölkədə təhsil alması və Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa olunan Mirzə Uluqbəy adına orta məktəb isə bu münasibətlərin gələcək nəsillərə ötürülməsinin bariz göstəricisidir.
Azərbaycan və Özbəkistan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə də mühüm töhfə verir. Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı ortaq gələcəyimizin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Hər iki dövlət Türk dünyasını yalnız dövlətlərarası əməkdaşlıq məkanı kimi deyil, ortaq tariximizi və mənəvi dəyərlərimizi qoruyan böyük bir ailə kimi qiymətləndirir. Bununla yanaşı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin genişlənməsi, regional dialoqlarda fəal iştirakı və yeni əməkdaşlıq formatlarının formalaşması ölkəmizin regionlararası əlaqələrə verdiyi böyük önəmi göstərir. Azərbaycan və Özbəkistanın bu proseslərdə bir-birini dəstəkləməsi gələcəkdə daha güclü siyasi və iqtisadi inteqrasiyaya yol açır.
Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində əks olunan fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin nə qədər möhkəm təməl üzərində qurulduğunu və böyük inkişaf perspektivlərinə malik olduğunu bir daha göstərir. Bu gün iki ölkə arasında əməkdaşlıq siyasi dialoqdan iqtisadiyyata, energetikadan nəqliyyata, təhsildən mədəniyyətə qədər çox geniş sahələri əhatə edir. Mənim fikrimcə, Azərbaycan və Özbəkistanın münasibətlərinin əsas gücü yalnız imzalanmış sənədlərdə deyil, xalqlarımızın əsrlərdən gələn qardaşlıq hissində və ortaq gələcəyə olan inamındadır. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulan bu münasibətlər bundan sonra da inkişaf edərək həm iki qardaş xalqın rifahına, həm Türk dünyasının birliyinə, həm də regionda sülh, sabitlik və tərəqqiyə mühüm töhfələr verəcəkdir.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi



