
Son dövrlərin ən mühüm analitik tezislərini özündə ehtiva edən sənədlərdən biri Prezident İlham Əliyevin Özbəkistan mətbuatına müsahibəsidir. Bu müsahibədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan qardaşlığının müasir dövrdə ən yüksək zirvəyə müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır.
Siyasi müstəvidə əldə olunan nailiyyətlər, xüsusən də 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şuranın fəaliyyəti müsahibənin əsas xətlərindən biridir. Prezident İlham Əliyev bu institusional mexanizmin uzunmüddətli əməkdaşlıq hədəflərimizin gerçəkləşməsində mühüm rol oynadığını bildirmişdir.İqtisadi əməkdaşlığın gələcək perspektivlərini dəyərləndirən Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın rolunu diqqətə çatdırıb.
Artan ticarət həcmləri və qarşılıqlı investisiyalar ölkələrimizin iqtisadi müstəqilliyini və dayanıqlılığını daha da artırır. Enerji və tranzit sektorundakı əməkdaşlıq müsahibədə xüsusi olaraq vurğulanır. Tranzit daşımalarının artaraq 1,4 milyon tona çatması və SOCAR ilə ‘Özbəknefteqaz’ arasındakı ortaq layihələr ölkələrimizin Avrasiyanın əsas logistika mərkəzinə çevrilməsinə təkan verir. Nəticə olaraq, Prezident İlham Əliyevin müsahibəsindən çıxan əsas qənaət ondan ibarətdir ki, ortaq dəyərlərə sahib olan Azərbaycan və Özbəkistan sarsılmaz birlik nümayiş etdirir. Türk dünyasının inteqrasiyasına xidmət edən bu əlaqələr regionumuzun çiçəklənən gələcəyinin ən etibarlı təminatçısıdır.
Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini



