
Şəhidlik – vətən, torpaq və namus uğrunda canından keçmək azadlığın ən ali zirvəsidir. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində minlərlə gəncimiz bu uca zirvəyə ucaldı. Onların hər biri Bütöv Azərbaycan arzusunu gerçəkləşdirmək üçün şüurlu şəkildə irəliyə atıldı.
Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın fəryadı hər bir azərbaycanlının qəlbində bir yara idi. Şəhidlərimiz öz qanları ilə bu yaranı sağaltdılar, xalqın bükülmüş qəddini dikəltdilər. Onlar bizə qalib xalqın vətəndaşı olmaq səadətini bəxş etdilər.
Anım Günündə şəhid analarının, atalarının və övladlarının metanəti hər kəsə nümunədir. Onlar qürurla “Vətən sağ olsun!” deyərək acılarını fəxarətlə bölüşürlər. Bu məğrurluq Azərbaycan xalqının yenilməzliyinin ən bariz sübutudur.
Şəhidlərimizin qanı ilə suvarılan Qarabağ torpağı bu gün dirçəlir, cənnətə çevrilir. Hər bir quruculuq işi, hər bir yeni tikili şəhidlərimizin xatirəsinə ucaldılan mənəvi bir abidədir. Ruhunuz şad olsun, ey Vətən müdafiəçiləri!
Elxan İskəndərov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 142” ərazi partiya təşkilatının sədr müavini



