AnalitikaGündəmSiyasət

Cəbrayılın qayıdış salnaməsi: doğma yurda dönüşün yeni mərhələsi

Cəbrayılın 2020-ci il oktyabrın 4-də azad edilməsi ilə başlayan yeni tarixi mərhələnin əsas məqsədlərindən biri doğma torpaqlarından didərgin salınmış insanların öz yurdlarına qayıtmasının təmin olunması idi. Bu baxımdan Böyük Qayıdış yalnız bərpa və tikinti proqramı deyil, uzun illər davam etmiş məcburi köçkünlük mərhələsinin aradan qaldırılmasına yönəlmiş sosial prosesdir. Cəbrayıl üzrə keçmiş məcburi köçkünlərin qayıdışı 2024-cü il sentyabrın 26-dan başlayıb və proses sonrakı illərdə də davam edib.

Qayıdışın başlanması Cəbrayılın tarixində yeni səhifə açdı. 2024-cü ildə şəhərdə ilk yaşayış kompleksinin istifadəyə verilməsi və sakinlərə mənzillərin təqdim olunması bu prosesin konkret nəticələrindən biri oldu. 33 binadan və 712 mənzildən ibarət kompleksin istifadəyə verilməsi şəhərin yenidən məskunlaşmasının mühüm mərhələsini təşkil etdi.

Lakin qayıdış anlayışı yalnız evlərin açarlarının təqdim edilməsi ilə məhdudlaşmır. İnsanların doğma yurdda davamlı həyat qurması üçün məktəb, səhiyyə, kommunal xidmətlər, yollar, iş yerləri və ictimai məkanlar da yaradılmalıdır. Bu baxımdan Cəbrayılın bərpasında yaşayış və sosial-iqtisadi infrastrukturun paralel inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

2025-ci ildə Horovlu kəndinin birinci mərhələsinin istifadəyə verilməsi və sakinlərin kəndə köçürülməsi, 2026-cı ildə isə Şükürbəyli kəndinin açılışı və sakinlərin köçürülməsi qayıdış prosesinin şəhərlə məhdudlaşmadığını göstərdi.

Beləliklə, Cəbrayılın qayıdış salnaməsi hərbi Zəfərin sosial nəticələrinin ardıcıl şəkildə həyata keçirilməsini göstərir. Ərazi azadlığından sonra məskunlaşmanın, sosial həyatın və iqtisadi fəaliyyətin bərpası Cəbrayılın yeni inkişaf mərhələsinin əsas məzmununu təşkil edir.

Ruhəngiz Heydərova,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 3” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button