
Vətəndən uzaqlarda, dünyanın müxtəlif nöqtələrində yaşayan azərbaycanlılar üçün üçrəngli bayraq doğma evinin, isti ocağın həsrətini ovudan mənəvi körpüdür. Səfirliklərimizin binaları üzərində, diaspor mərkəzlərində və beynəlxalq tədbirlərdə ucalan Azərbaycan bayrağı xarici ölkələrdə xalqımızın mövcudluğunu bəyan edir. O, uzaqlarda yaşayan soydaşlarımız üçün Vətənin özüdür.
Xaricdə təhsil alan tələbələrimiz beynəlxalq festivallarda bayrağımızı çiyinlərinə salaraq ölkəmizi qürurla təmsil edirlər. Onların qazandığı hər bir uğur xarici cəmiyyətdə Azərbaycan haqqında yüksək fikir formalaşdırır. Bayrağımızın xarici səmalarda dalğalanması hər bir azərbaycanlının qəlbində fəxrlik hissi oyadır.
Dünyanın böyük şəhərlərində keçirilən mədəniyyət günləri zamanı ucalan bayraqlar yerli sakinlərin də diqqətini çəkir və ölkəmizə maraq oyadır. Azərbaycan diplomatiyasının uğurları məhz bu bayrağın kölgəsində qazanılır. O, beynəlxalq müstəvidə sülhün və ədalətin səfiridir.
Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün üçrəngli bayraq toxunulmaz və müqəddəs dəyərdir. O, sərhədləri aşaraq bütün dünyada Azərbaycanın adını ucaldır. Azərbaycan bayrağı qlobal miqyasda qürurumuzun ünvanıdır.
Lətifə Əlizadə,
YAP Nizami rayon təşkilatının fəalı



