
Ermənistanın otuz illik işğalı dövründə təkcə xalqımızın tarixi yaddaşına və infrastrukturuna deyil, həm də zəngin təbiətimizə, ekologiyamıza misilsiz zərbələr vurulmuş, əsl ekosid həyata keçirilmişdir. 20 sentyabr 2023-cü ildə əldə edilən mütləq zəfər Azərbaycanın bu amansız ekoloji terrora birdəfəlik son qoyması və təbiətimizin xilası demək idi. Prezident İlham Əliyevin qətiyyəti sayəsində dövlətimiz öz təbii sərvətləri, o cümlədən meşələri, çayları və yeraltı qazıntıları üzərində suveren hüquqlarını tam bərpa etdi.
İşğaldan azad edilmiş ərazilərin dövlət başçısı tərəfindən “Yaşıl enerji” zonası elan edilməsi suverenlik fəlsəfəsinin ən innovativ və qabaqcıl göstəricisidir. Prezident İlham Əliyev tərəfindən verilən strateji qərarlar nəticəsində hazırda Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan enerji mənbələri hesabına işləyən su, günəş və külək elektrik stansiyaları sürətlə inşa edilir. Bu, suveren Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizəyə və təmiz ətraf mühit siyasətinə verdiyi ən böyük töhfədir.
Həmçinin separatçıların nəzarətində olan vacib su anbarlarının, o cümlədən Sərsəng su anbarının azad edilməsi ölkəmizin su təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət daşıdı. Prezident İlham Əliyevin xüsusi diqqətdə saxladığı bu məsələ kənd təsərrüfatının inkişafı və əhalinin ekoloji cəhətdən təmiz su ilə təchizatı baxımından həyati əhəmiyyətə malikdir. Artıq təbii sərvətlərimiz xarici qəsbkarlar tərəfindən talan olunmur, bilavasitə Azərbaycan xalqının rifahına xidmət edir.
20 Sentyabr Dövlət Suverenliyi Günü həm də təbiətimizin azadlığa qovuşduğu, ekoloji dirçəlişimizin təməlinin qoyulduğu tarixi bir mərhələdir. Prezident İlham Əliyevin qlobal ekoloji çağırışlara uyğun olaraq yaratdığı “Yaşıl enerji” konsepsiyası Azərbaycanın güclü, müasir və təbiətlə harmoniya təşkil edən bir dövlət kimi inkişafının ən real göstəricisidir.
Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı



