
2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə xalqlarının tarixi taleyini bütövləşdirən, regional güc balansını kökündən dəyişən geostrateji hadisədir. Bu tarixi sənəd müasir dövlətçiliyimizin ideoloji əsaslarını qoyan böyük liderlərimizin amallarına sadiqliyin ən bariz nümunəsidir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimizdir” fəlsəfəsi ilə Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” strategiyası bu aktla rəsmi müttəfiqlik pasportu qazanmışdır. Azad Şuşada atılan bu imza, sadəcə keçmişə mənəvi borcun ödənilməsi deyil, həm də gələcək nəsillərin regional liderliyini sığortalayan əbədi bir doktrinadır.
Sənədin əhatə dairəsi iki ölkə arasındakı münasibətləri klassik diplomatik tərəfdaşlıq səviyyəsindən çıxararaq tam inteqrasiya mərhələsinə daşımışdır. Siyasi, iqtisadi, ticari əlaqələrin dərinləşməsi ilə yanaşı, hərbi-texniki potensialın birləşdirilməsi və qlobal enerji marşrutlarının təhlükəsizliyi sənədin əsas sütunlarını təşkil edir. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması və yeni nəqliyyat ekosisteminin qurulması istiqamətindəki fəaliyyət Avrasiya coğrafiyasında Bakı və Ankaranın tranzit çəkisini maksimuma çatdırır. Bu addımlar Cənubi Qafqazda davamlı rifahın və iqtisadi suverenliyin təməl şərtidir.
Yeni dövrün regional reallıqları fonunda bu ittifaq həm də qlobal riskləri neytrallaşdıran müştərək müdafiə sistemidir. Sənəd tərəflərdən hər hansı birinin suverenliyinə və ərazi bütövlüyünə qarşı kənar qüvvələrdən gələ biləcək hərbi-siyasi təhdidlərə qarşı dərhal koordinasiyalı və adekvat cavab verilməsini hüquqi öhdəlik kimi təsbit edir. Orduların tam inteqrasiyası, modern hərbi doktrinaların tətbiqi və birgə operativ hərbi təlimlərin daimi xarakter alması regionda sülhün qorunmasının yeganə real zəmanətidir.
Diplomatik müstəvidə isə hər iki dövlətin xarici siyasət kursunun vahid strateji hədəflərə yönəldilməsi qərara alınmışdır. Beynəlxalq təşkilatlarda, çoxtərəfli platformalarda və qlobal böhranların həllində ortaq mövqedən çıxış etmək prinsipləri diplomatiyamızın hücum taktikasını gücləndirmişdir. Azərbaycan və Türkiyənin bir-birinə beynəlxalq arenada şərtisiz arxa durması qlobal idarəetmə sistemində bu birliyin həlledici söz sahibinə çevrilməsini təmin edir.
Sənədin mətnində düz bir əsr əvvəl imzalanmış tarixi Qars müqaviləsinə edilən birbaşa istinad böyük hüquqi və rəmzi çəkiyə malikdir. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Şuşada imzalanan bu sənəd yüz il əvvəl cızılmış coğrafi təhlükəsizlik sərhədlərinin mənəvi varisliyini qoruyaraq onu yeni əsrin tələblərinə uyğunlaşdırdı. Bu iki mühüm tarixi mərhələnin uzlaşdırılması ölkəmizin suverenliyinin toxunulmazlığını bütün dünyaya bəyan edən sarsılmaz hüquqi qaladır.
Digər tərəfdən, müasir dünyada gedən ideoloji qarşıdurmalar və manipulyasiyalar fonunda sənəd iki qardaş ölkənin birgə media strategiyasının qurulmasını zəruri etmişdir. Dezinformasiya dalğalarına qarşı müştərək rəqəmsal sipərin yaradılması, informasiya mübadiləsinin institusionallaşdırılması real nəticələrini verməkdədir. Vahid informasiya platforması regional həqiqətlərin dünya ictimaiyyətinə düzgün interpretasiyada çatdırılmasında və milli maraqlarımızın informasiya məkanında müdafiə olunmasında ən kəsərli strateji alətdir.
Natiq Kərimli,
YAP Şirvan şəhər təşkilatının əməkdaşı



