
Azərbaycan və Özbəkistan arasındakı münasibətlər ortaq tarixə, dilə və mənəvi dəyərlərə əsaslansa da, bu əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsində Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən xarici siyasət həlledici rol oynamışdır. Dövlət başçısının Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, son illərdə iki dövlət arasındakı əlaqələr misli görünməmiş inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad dövlətlərarası əlaqələrin tamamilə yeni məzmun qazanmasını şərtləndirir. Təsadüfi deyil ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfərin, o cümlədən Prezident İlham Əliyevin Özbəkistana üç dövlət və ümumilikdə yeddi səfərinin reallaşması siyasi dialoqun dinamikliyini əyani nümayiş etdirir.
Bu sıx siyasi dialoq hüquqi cəhətdən ən yüksək sənədlərlə möhkəmləndirilmişdir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərləri zamanı “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanmışdır. Bu müqavilələr iki müstəqil, güclü və suveren dövlət arasında təbii müttəfiqliyi rəsmi olaraq təsdiqləmişdir. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilərək Daşkənddə və Bakıda iki uğurlu iclas keçirmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Özbəkistanla əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də çoxşaxəli qlobal və regional platformalarda uğurla davam edir. Dövlət başçısının xüsusi diqqət mərkəzində saxladığı beynəlxalq təşkilatlarda – BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində iki ölkənin səmərəli əməkdaşlığı və bir-birini daim dəstəkləməsi qürurvericidir. Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əlaqələr müstəsna əhəmiyyət daşıyır; belə ki, ötən il Qəbələdə keçirilən TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Türk dünyasının güc mərkəzinə çevrilməsi üçün mühüm bəyannamələr imzalanmışdır. 2025-ci ilin mayında isə Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsi bu birliyi daha da sıxlaşdırmışdır.
Prezident İlham Əliyevin Mərkəzi Asiya strategiyası qlobal geosiyasətdə Azərbaycanın mövqeyini fundamental şəkildə gücləndirmişdir. Ölkə rəhbərinin diplomatik məharəti nəticəsində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində Azərbaycanın tamhüquqlu iştirakı təmin edilmişdir. Keçən ilin noyabrında Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə verilən bu qərarla əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilmişdir. Prezident İlham Əliyevin bu formatda iştirakı təkcə Mərkəzi Asiya ilə münasibətlərə verilən strateji əhəmiyyəti deyil, həm də Avrasiya məkanında sülhün və davamlı tərəqqinin təmin olunmasına Azərbaycanın verdiyi böyük töhfəni nümayiş etdirir.
Şövqiyyə Əliyeva,
Nizami rayonu 12 saylı məktəbin tarix müəllimi



