“Putin Əliyevin Füzuli ilə bağlı şərti olduğunu bildirmişdi”
Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından əvvəl noyabrın 8-9-u Rusiya Prezidenti Vladimir Putinlə təqribən 20 dəfə telefonla danışıb.
İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Paşinyan 44 günlük müharibənin şərtlərini araşdıran müvəqqəti komissiyanın iclasında deyib.
O, iclas zamanı müharibə dövründə Putinlə telefon danışıqları barədə danışıb. Baş nazir ümumilikdə 44 günlük müharibə ərzində Putinlə 60-a yaxın telefon danışığı apardığını vurğulayıb.
Hökumət rəhbərinin sözlərinə görə, 2020-ci ildə müharibəni dayandırmaq üçün ilk cəhd oktyabrın 7-si Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmək üçün ona zəng etdiyində olub: “Putin dedi ki, müharibəni dayandırmaq üçün vasitəçilik səyləri göstərmək istəyir. Mən şərtlərlə maraqlanaraq razı olduğumu dedim. Biz hesab edirdik ki, atəşkəs ilkin şərtlərsiz olmalıdır.
Axşam ikinci telefon danışığı oldu və Putin Azərbaycan Prezidenti İlham Əliyevin razılaşmadığını dedi. Növbəti gün Putin İlham Əliyevin şərt irəli sürdüyünü bildirdi. Şərtə görə, Füzuli döyüşsüz təslim edilməli, erməni qüvvələri ərazinin Azərbaycanın nəzarəti altında olması üçün Araz boyu Xudafərin su anbarına qədər çəkilməli idilər.
Bundan əlavə, Bakı Şahbaz Quliyev və Dilqəm Əsgərovun geri qaytarılmasını da istəyirdi. Lakin bunun qarşılığında hərbi əməliyyatların dayandırılması və müharibəni yenidən başlatmamaqla bağlı öhdəliklər deyil, həlak olanların dəfn olunması üçün humanitar atəşkəs təklif olunurdu. Mən imtina etdim. Bununla belə, dedim ki, su anbarından birlikdə istifadə etmək mümkündür, Əliyev Rusiyaya neçə hərbi əsiri qaytaracağını desə, Quliyev və Əsgərovun qaytarılmasını müzakirə etmək olar, Füzulinin təhvil verilməsi qəbuledilməzdir, humanitar atəşkəsi isə tamamilə qəbul edirik”.
Paşinyan qeyd edib ki, Ermənistanın Azərbaycanla barışıq üçün təklif etdiyi şərtlərində Mehridə rusiyalı sülhməramlıların yerləşdirilməsi də var idi: “Onların məqsədi Azərbaycanla Naxçıvanı birləşdirən dəhlizin təhlükəsizliyini təmin etmək olacaqdı”.