
Qarabağın bərpası Azərbaycanın şəhərsalma siyasətində də yeni imkanlar yaradır. Yeni yaşayış məhəllələrinin sıfırdan və ya genişmiqyaslı yenidənqurma əsasında formalaşdırılması şəhər planlaşdırılmasında müasir yanaşmaların tətbiqinə şərait yaradır. Burada məqsəd yalnız əvvəlki tikililəri yenidən qurmaq deyil, təhlükəsiz, rahat və sosial ehtiyaclara cavab verən yaşayış mühiti yaratmaqdır.
Müasir şəhər yalnız binalardan ibarət deyil. Küçələrin planlaşdırılması, piyada yolları, yaşıllıq zonaları, ictimai nəqliyyat, məktəblər, tibb müəssisələri, xidmət obyektləri və istirahət məkanları şəhər həyatının bütöv sistemini təşkil edir. Xankəndi, Xocalı və Ağdərə ərazilərində bərpa, tikinti və idarəetmə xidmətinin yaradılması da yaşayış fondunun və kommunal təsərrüfatın təşkili kimi məsələləri əhatə edir.
Bu prosesin başqa mühüm tərəfi şəhərlərin insan mərkəzli planlaşdırılmasıdır. Qayıdan ailələrin gündəlik ehtiyacları nəzərə alınmadan hər hansı şəhərin uzunmüddətli inkişafını təmin etmək çətindir. Buna görə yeni evlərin ətrafında məktəbin, sosial obyektin, xidmət məntəqələrinin və ictimai məkanların yaradılması şəhərsalmanın ayrılmaz hissəsinə çevrilir.
Qarabağda qurulan şəhərlər gələcəkdə Azərbaycanın şəhərsalma təcrübəsinin nümunələrindən biri kimi də formalaşa bilər. Burada tarixi irslə müasir şəhər standartlarının uzlaşdırılması mühüm məsələdir. Yeni Qarabağ şəhərsalması keçmişin izlərini qorumaqla yanaşı, gələcəyin insanı üçün rahat, təhlükəsiz və müasir yaşayış mühiti yaratmaq məqsədini daşıyır.
Ramin Ələkbərov,
YAP Nizami rayon təşkilatının fəalı



