AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Qarabağın Döyünən Ürəyi: Şuşanın Azadlıq Salnaməsi

Azərbaycanın mədəniyyət mərkəzi və qədim tarixə malik olan Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 28 il davam edən bu işğal dövründə şəhərin tarixi abidələri, məscidləri, mədəniyyət ocaqları vandalizmə məruz qalmış, erməni işğalçıları tərəfindən hədəfli şəkildə dağıdılmışdır. Lakin Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmamış, torpaqlarımızın azad ediləcəyi günə olan inamını hər zaman qoruyub saxlamışdır.

2020-ci ilin payızında başlanan Vətən müharibəsi Azərbaycanın haqq işinin və qətiyyətinin təntənəsinə çevrildi. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu düşmənin müdafiə xəttlərini yarıb keçərək addım-addım irəlilədi. Müharibənin gedişində həm hərbi, həm də strateji baxımından ən vacib nöqtə olan Şuşanın azad edilməsi əməliyyatı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə strateji dəqiqliklə planlaşdırıldı və icra olundu.

Noyabrın 8-də Azərbaycan əsgəri Şuşa qalasında üçrəngli Azərbaycan bayrağını dalğalandırmaqla ölkə tarixinə qızıl hərflərlə yeni bir səhifə yazdı. Şuşa şəhərinin azad edilməsi xəbərini xalqa elan edən Prezident İlham Əliyev bu qələbənin tarixi əhəmiyyətini vurğulayaraq, şəhərin azad olunmasının xalqımız üçün mənəvi qurtuluş olduğunu qeyd etdi. Bu zəfər Azərbaycan xalqının milli qürurunu özünə qaytaran tarixi bir dönüş nöqtəsi oldu.

Hazırda Şuşa şəhəri tamamilə yenidən qurulur və ölkənin mədəniyyət həyatının mərkəzinə çevrilir. Dövlət başçısının xüsusi diqqəti və qayğısı ilə şəhərin infrastrukturu bərpa edilir, tarixi-memarlıq abidələri əvvəlki görkəminə qaytarılır. Şuşa bu gün yalnız Qarabağın deyil, bütün Türk dünyasının mədəniyyət incisi olaraq parlayır və Azərbaycanın əbədi azadlığının rəmzi kimi yaşayır.

Cabir Hacıyev,
YAP Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button