
“Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana həyata keçirdiyi dövlət səfəri ikitərəfli strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirən mühüm siyasi hadisə oldu. Daşkənd şəhərində keçirilən Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası və dövlət başçılarının qarşılıqlı şəkildə ali ordenlərlə – Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Heydər Əliyev” ordeninin, Özbəkistan Respublikasının Prezidenti tərəfindən isə “Dostluq” ordeninin təqdim edilməsi bu siyasi iradənin ali səviyyədə təzahürüdür”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, səfər zamanı mətbuata verilən bəyanatlarda hər iki dövlət başçısının ölkələrin inkişafında oynadığı müstəsna rol xüsusi vurğulanmışdır. Prezident İlham Əliyev Özbəkistandakı sürətli inkişafı, sənaye və kənd təsərrüfatının şaxələndirilməsini, eləcə də iqtisadi əsasların sıfırdan formalaşdırılmasını yüksək qiymətləndirmişdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar nəticəsində qlobal miqyasda nüfuz qazanan Özbəkistan bu gün regionda sabitlik və tərəqqi mənbəyinə çevrilmişdir. Eyni zamanda, Özbəkistan rəhbərliyinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına, xüsusilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisinə və Xankəndidəki tikiş fabrikinə yatırılan investisiyalara verdiyi dəstək iki xalqın mənəvi birliyinin əyani sübutudur.
“Azərbaycan və Özbəkistanın iqtisadi sahədə paralel kursla irəliləməsi həm də geniş geosiyasətin mühüm tərkib hissəsidir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulması regionlararası coğrafiyanı əhəmiyyətli dərəcədə genişləndirmişdir ki, artıq Mərkəzi Asiya və Azərbaycan vahid, inteqrasiya olunmuş geosiyasi və geoiqtisadi region kimi çıxış edir. İkitərəfli ticarət əlaqələrində bir milyardlıq dövriyyə hədəfi də yaxın illərdə reallaşacaq real hədəf kimi qarşıya qoyulmuşdur. Neft və qaz kəşfiyyatı sahəsində layihələrin son mərhələyə çatması, gələn il istismar quyularının qazılmasına başlanılması planları enerji təhlükəsizliyinə mühüm töhfə verir. Aparıcı Azərbaycan bankının Özbəkistan bazarına daxil olması, SOCAR-ın pərakəndə satış sektorunda yer alması, həmçinin avtomobil sənayesi və kənd təsərrüfatı layihələri əməkdaşlığın miqyasını daha da genişləndirir”.
Onun sözlərinə görə, səfər çərçivəsində imzalanmış yeni ikitərəfli sənədlər və regionlararası əməkdaşlıq forumunun nəticələri iki ölkə arasında dəqiq fəaliyyət planının mövcudluğunu təsdiqləyir. İnvestisiya fondunun fəaliyyəti, turizm infrastrukturuna yatırılan vəsaitlər və digər birgə təşəbbüslər ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır. Bu strateji tərəfdaşlıq modeli həm də bütövlükdə Türk dövlətləri arasında inteqrasiya proseslərini stimullaşdıran əsas qüvvələrdən biridir.



