Rəşadət Xalıqov: Zərifə Əliyevanın həyat fəlsəfəsi və fəaliyyəti Azərbaycan qadınının ideal obrazını formalaşdırır

“Bu gün görkəmli alim, fədakar həkim və böyük ziyalı Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla yad olunur. Onun həyat yolu yalnız tibb elminə xidmət nümunəsi yox, həm də dövlətə, xalqa və insanlığa sədaqətin parlaq rəmzidir. Zərifə xanımın həyat fəlsəfəsi və fəaliyyəti Azərbaycan qadınının ideal obrazını formalaşdırır. O, elm və mərhəməti, zəka və şəfqəti, peşəkarlıq və vətənpərvərliyi öz şəxsiyyətində üzvi şəkildə birləşdirərək nadir bir örnək yaratmışdır. Bu baxımdan onun fəaliyyəti yalnız tibb sahəsi ilə məhdudlaşmır, bütövlükdə milli ideologiyanın, mənəvi dəyərlərin və humanist düşüncənin inkişafına mühüm təsir göstərir”.
Bunu “Aktualinfo Media Qrup”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış traxoma kimi təhlükəli xəstəliklə mübarizə sahəsində Zərifə Əliyevanın fəaliyyəti əsl qəhrəmanlıq nümunəsi idi. O, birbaşa xəstəliyin yayıldığı bölgələrdə çalışaraq həm elmi, həm də praktiki mübarizənin önündə gedirdi. Onun hazırladığı müalicə üsulları və profilaktik tədbirlər nəticəsində bu xəstəliyin ölkə miqyasında aradan qaldırılması mümkün olmuşdur.
“Zərifə Əliyevanın eyni zamanda böyük pedaqoq kimi yüzlərlə gənc həkimin yetişməsinə töhfə vermişdir. Onun rəhbərliyi altında formalaşan kadrlar bu gün də Azərbaycan səhiyyəsinin aparıcı qüvvəsini təşkil edir. Bu aspektdə Zərifə xanımın fəaliyyəti strateji xarakter daşıyırdı. Onun “Yüksək etimad” kimi əsərləri həkim peşəsinin etik və mənəvi əsaslarını müəyyənləşdirən mühüm mənbələrdəndir. Zərifə Əliyevanın şəxsiyyətini fərqləndirən əsas cəhətlərdən biri də onun yüksək humanizmi idi. Onun məşhur fikri – “Həkim insanın ən doğma adamıdır” bu gün də aktual olaraq qalır və tibb işçiləri üçün mənəvi kodeks rolunu oynayır. Bu humanist yanaşma onun ictimai fəaliyyətində də özünü göstərirdi. O, müxtəlif təşkilatlarda fəal iştirak edir, cəmiyyətin maariflənməsi və sosial rifahı üçün çalışırdı”.
O qeyd edib ki, Zərifə Əliyevanın həyatının mühüm istiqamətlərindən biri də ailə institutu ilə bağlı idi. O, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yoldaşı olaraq, ailədə yüksək mənəvi mühit formalaşdırmış, bu mühit gələcək dövlət başçısı İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamışdır. Bu fakt Zərifə xanımın fəaliyyətinin yalnız fərdi uğurlarla məhdudlaşmadığını, onun dövlətçilik tarixində də mühüm iz qoyduğunu göstərir. O, ailə və dövlət arasında harmoniyanı qoruyaraq hər iki sahədə nümunəvi model yaratmışdır.
Rəşadət Xalıqov əlavə edib ki, bu gün Zərifə Əliyevanın adı yüksək mənəvi dəyərlərlə assosiasiya olunur. Onun irsi Azərbaycan səhiyyəsinin inkişafında, milli elmi məktəbin formalaşmasında və cəmiyyətin humanist dəyərlərlə zənginləşməsində mühüm rol oynayır. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi, elmi əsərləri və yetişdirdiyi kadrlar bu böyük irsin davamçısı kimi fəaliyyət göstərir.



