AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şəhidlərimizin müqəddəs xatirəsi – Zəfərimizin mənəvi təməli

Azərbaycanın qazandığı tarixi Zəfər böyük sevinc və qürurla yanaşı, dərin hüzn və minnətdarlıq hissi ilə də xatırlanır. Çünki bu qələbənin arxasında Vətən uğrunda canından keçmiş minlərlə qəhrəman şəhidimizin müqəddəs qanı dayanır. Onlar öz həyatlarını Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü və gələcək nəsillərin firavan həyatı naminə fəda etdilər.

Şəhidlik Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ən uca məqamlardan biridir. Vətən uğrunda canını fəda edən hər bir insan xalqın yaddaşında əbədi yaşayır. Onların qəhrəmanlığı yalnız döyüş meydanında göstərilən igidlik deyil, həm də Vətənə sonsuz sevginin, sədaqətin və fədakarlığın ən ali nümunəsidir.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgəri böyük ruh yüksəkliyi və misilsiz cəsarətlə döyüşdü. Hər bir hərbçi torpaqlarımızın azadlığı uğrunda üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməyə çalışdı. Şəhidlərimizin qəhrəmanlığı nəticəsində işğal altındakı torpaqlarımız azad edildi, xalqımızın uzun illər davam edən həsrətinə son qoyuldu.

Bu gün şəhid ailələrinə dövlət qayğısının göstərilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və qazilərin reabilitasiyası istiqamətində tədbirlər həyata keçirilir. Şəhid ailələrinin problemlərinə diqqət yetirmək, qazilərin yanında olmaq hər birimizin mənəvi borcudur. Çünki Vətən uğrunda fədakarlıq göstərən insanların ailələrinə ehtiram dövlətçilik və insanlıq məsuliyyətinin ayrılmaz hissəsidir.

Şəhidlərimizin xatirəsini yaşatmaq yalnız anım mərasimlərində iştirak etməklə məhdudlaşmamalıdır. Onların bizə əmanət etdiyi Vətəni sevmək, dövlətimizi qorumaq, ölkəmizin inkişafına töhfə vermək hər bir vətəndaşın borcudur. Zəfərimizin mənəvi təməlində dayanan şəhidlərimizin adı Azərbaycan tarixində daim uca tutulacaq.

Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button