AnalitikaDünyaGündəmSiyasət

Türk və İslam Dünyasının Birliyinə Doğru: Bakı Görüşünün Tarixi Əhəmiyyəti

Tarix boyu sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan bu gün beynəlxalq həmrəyliyin, xüsusilə Türk və İslam dünyasının mənəvi birliyinin mərkəzi aktoru qismində çıxış edir. Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən görüş bu strateji yanaşmanın ən bariz göstəricisidir. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrini qəbul edərək regional qardaşlığın vacibliyini ön plana çəkdi. Müxtəlif qardaş türkdilli dövlətlərin, həmçinin Şimali Qafqaz respublikalarının ali dini rəhbərlərinin təmsil olunduğu bu qəbul, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünyada barış və əməkdaşlıq mühitinin inkişafına verdiyi əvəzsiz dəstəyi nümayiş etdirdi. O, bu cür toplantıların mənəvi birliyi təşviq etdiyini və qlobal miqyasda sülh mesajı kimi dəyərləndirildiyini diqqətə çatdırdı.

Görüşdə xalqımızın bəşər mədəniyyətinə verdiyi töhfələrdən fəxrlə danışan Prezident İlham Əliyev, mənəvi dəyərlərimizin qorunmasının vacibliyini qeyd etdi. O, böyük mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransla dini liderlərin Zirvə toplantısının eyni zamanda təşkil edilməsini xüsusi rəmzi məna daşıdığını bildirdi. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi dahiyanə şəxsiyyətlərin yaradıcılığının bütün İslam dünyası üçün misilsiz dəyər olduğunu söyləyən Prezident İlham Əliyev, həmçinin Qəbələ və Naxçıvan şəhərlərinin tarixi keçmişini xatırladaraq, Azərbaycanın Qafqaz Albaniyasının və Atabəylər dövlətinin irsini yaşatdığını, ölkəmizin Türk dünyası ilə Qafqazın vəhdətini təşkil edən bir məkan olduğunu vurğuladı.

Dünyada və İslam coğrafiyasında baş verən ictimai-siyasi prosesləri dəyərləndirən Prezident İlham Əliyev din xadimlərinin sülh yaradıcılığındakı rolunun ölçüyəgəlməz olduğunu bildirdi. Dövlət başçısı Azərbaycanın həmişə dinlərarası dialoqu və İslam həmrəyliyini praktiki addımlarla dəstəklədiyini, buna 2017-ci ildə uğurla keçirilən IV İslam Həmrəylik Oyunlarının bariz sübut olduğunu xatırlatdı. Eyni zamanda, 2025-ci ildə Bakının ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə diqqət çəkən Prezident, bu mötəbər tədbirin müsəlman dövlətləri arasındakı anlaşılmazlıqlara son qoyulması, İslamofob qüvvələrə tutarlı cavab verilməsi və İslam ümmətinin bir ailə kimi fəaliyyət göstərməsi üçün mühüm bir platforma olacağına əminliyini ifadə etdi.

Prezident İlham Əliyevin çıxışında mühüm yer tutan məqamlardan biri də nümayəndə heyətinin Qarabağa gözlənilən səfəri və işğaldan azad edilmiş ərazilərdəki real vəziyyət oldu. Ermənistanın 30 illik işğalı ərzində xalqımızın mədəni sərvətlərini talan etməsini, 65 məscidi dağıtmasını və müqəddəs yerləri təhqir etməsini xatırladan dövlət başçısı, bunun bütün müsəlman dünyasına qarşı törədilmiş vəhşilik olduğunu bildirdi. Lakin o, böyük qürur hissi ilə qeyd etdi ki, güc amilinin ön planda olduğu müasir dünyada Azərbaycan xalqı rəşadətli Ordumuzla öz ədalətli haqqını bərpa etmişdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 90 mindən çox vətəndaşın yaşadığını deyən Prezident İlham Əliyev, uğurla həyata keçirilən “Böyük Qayıdış” proqramının Azərbaycan dövlətinin qurucu gücünü və xalqımızın qalib ruhunu əbədiləşdirdiyini qətiyyətlə bəyan etdi.

Sevda Cabbarova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 75” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button