
09 noyabr 2026-cı il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidləri Süleymanlı Kənan Sadıx oğlunun, Məcidzadə Teymur Tehran oğlunun və Əsədli Əsəd Mahir oğlunun məzarları ziyarət edilib.
Aktualinfo Media Qrup xəbər verir ki, anım mərasimində şəhid ailələri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, RİHBA-nın məsul əməkdaşları, Nizami Bələdiyyəsinin sədr müavini Emil Quliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Kənan Süleymanlı 09 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Teymur Məcidzadə 09 noyabr 2020-ci il tarixində Şuşa döyüşlərində şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsəd Əsədli 09 noyabr 2020-ci il tarixində Xocəvənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.




