Siyasət

YAP Sədrinin müavini ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) səfəri çərçivəsində mayın 29-da Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cinçao ilə görüş keçirilib.

İnfososium.az xəbər verir ki, nümayəndə heyətini salamlayan Lyu Cinçao Çin ilə Azərbaycan arasında çoxşaxəli əlaqələrin inkişaf dinamikasının məmnunluq doğurduğunu vurğulayaraq qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycanın ÇXR-in dostu və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu bildirən Lyu Cinçao iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib. O, Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində digər tərəfdaş ölkələrlə olduğu kimi, Azərbaycanla da əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafına, Avrasiyada genişmiqyaslı işbirliyi, inteqrasiya və sabitliyə xidmət etdiyini deyib.

ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında sıx təmasların olduğunu bildirərək qarşılıqlı səfərlərin təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından böyük önəm daşıdığını diqqətə çatdırıb. O, ÇKP-nin Yeni Azərbaycan Partiyası ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyərək YAP nümayəndə heyətinin səfərinin hakim partiyalar arasında dostluq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlərin dinamik inkişaf etdiyini, sənaye, kənd təsərrüfatı, ticarət, turizm, nəqliyyat-logistika və digər sahələri əhatə edən əməkdaşlığın çoxşaxəli və qarşılıqlı faydalı xarakter daşıdığını bildirib. Ötən il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladan Tahir Budaqov ölkələrimizin bu müddət ərzində ikitərəfli və beynəlxalq platformalar çərçivəsində münasibətləri inkişaf etdirərək əhəmiyyətli nailiyyətlər qazandıqlarını qeyd edib: “Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ilə Çin bir çox sahələrdə uğurla əməkdaşlıq edir”.

Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlardan bəhs edən YAP Sədrinin müavini postmüharibə dövründə ölkəmizin təşəbbüslərinin bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyini bildirib. Azərbaycanın Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən ilk ölkələrdən biri olduğunu diqqətə çatdıran Tahir Budaqov Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyətindən bəhs edib. O bildirib ki, dəhliz Azərbaycanın tranzit ölkə kimi potensialını daha da gücləndirəcək, bu geostrateji koridor vasitəsilə Şərq-Qərb istiqamətində beynəlxalq yükdaşımaların əhəmiyyətli dərəcədə artması regionda Azərbaycan və Çinin də fəal iştirakçısı olduğu yeni çoxtərəfli əməkdaşlıq platformasının formalaşmasını təmin edəcək.

YAP Sədrinin müavini Azərbaycan Prezidenti İlham Əliyev ilə ÇXR-in Sədri Si Cinpinin siyasi iradələrinə uyğun olaraq iki hakim partiya arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayıb. Pandemiyadan sonra Çinə rəsmi səfərə dəvət edilən ilk nümayəndə heyətinin məhz Yeni Azərbaycan Partiyasından olmasının dostluq və tərəfdaşlıq nümunəsi kimi böyük məmnunluq doğurduğunu xüsusi qeyd edən Tahir Budaqov söyləyib ki, qarşılıqlı səfərlər partiyalararası münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət daşıyır: “Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının fəal dialoqu xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, çoxşaxəli əməkdaşlığımızın dərinləşməsinə və bütövlükdə Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfələr verir”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədovun, partiyanın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynovanın, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovun və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadənin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.

Oxşar Xəbərlər

Back to top button