
Azərbaycan xalqını birləşdirən ən mühüm milli dəyərlərdən biri üçrəngli Dövlət Bayrağıdır. Bu bayraq müxtəlif bölgələrdə yaşayan, fərqli peşələrdə çalışan, lakin eyni Vətənə bağlı olan milyonlarla insanı vahid milli ideya ətrafında birləşdirir. Dövlət Bayrağı Günü də məhz bu birliyin və həmrəyliyin təntənəsidir.
1918-ci ildə qəbul edilmiş üçrəngli bayraq Azərbaycan xalqının müstəqil dövlət qurmaq arzusunu ifadə edirdi. Bayrağın rəngləri milli kimliyimizi, müasir inkişaf düşüncəmizi və mənəvi dəyərlərimizi özündə birləşdirir. Bu rəmz Azərbaycan cəmiyyətinin ortaq tarixi yaddaşının mühüm hissəsidir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın 1990-cı ildə Naxçıvanda yenidən ucaldılması milli həmrəyliyin güclənməsinə mühüm töhfə verdi. Müstəqillik dövründə dövlət rəmzlərimizin qorunması və təbliği istiqamətində həyata keçirilən siyasət xalqın dövlətçilik düşüncəsini daha da möhkəmləndirdi.
2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının birliyinin və həmrəyliyinin parlaq təzahürü oldu. Ölkənin bütün bölgələrindən olan vətəndaşlar Vətənin müdafiəsi naminə bir araya gəldilər. Cəbhədə döyüşən əsgərlərimizin arxasında bütöv xalqın dəstəyi dayanırdı. Bu birlik üçrəngli bayrağımızın mənəvi gücünü daha da artırdı.
Bu gün bayrağımızın ətrafında birləşmək dövlətimizin gələcəyinə məsuliyyətlə yanaşmaq deməkdir. Milli birlik, qarşılıqlı hörmət və dövlətə sədaqət Azərbaycanın davamlı inkişafının əsas şərtlərindəndir. Üçrəngli bayrağımız xalqımızı birləşdirən, keçmişimizlə gələcəyimiz arasında mənəvi körpü yaradan müqəddəs rəmzdir.
Mircavid Hüseynov,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri



