
Azərbaycanın Dövlət Bayrağı sadəcə üç rəngdən ibarət parça deyil. O, xalqımızın milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini özündə birləşdirən müqəddəs dövlət atributudur. Bayrağımızdakı hər bir rəng müəyyən ideyanı ifadə edir və bu ideyaların vəhdəti müasir Azərbaycan dövlətinin mənəvi əsaslarını formalaşdırır.
Mavi rəng türk xalqlarına mənsubiyyətimizi, ortaq köklərimizi və milli kimliyimizi simvolizə edir. Qırmızı rəng müasirliyi, inkişafı, tərəqqini və demokratik cəmiyyət qurmaq arzusunu ifadə edir. Yaşıl rəng isə İslam sivilizasiyasına, mənəvi dəyərlərə və zəngin mədəni irsimizə bağlılığımızın rəmzidir.
Bayrağımızın üzərindəki aypara və səkkizguşəli ulduz da milli rəmzlər sistemində xüsusi yer tutur. Onlar üçrəngli kompozisiyanın mənəvi və tarixi məzmununu tamamlayır. Bu simvollar Azərbaycan xalqının öz keçmişinə bağlılığını və gələcəyə yönəlmiş dövlətçilik düşüncəsini ifadə edir.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə qəbul edilmiş bayrağımız sonrakı tarixi mərhələlərdə xalqımızın azadlıq mübarizəsinin əsas simvollarından biri olmuşdur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə yenidən dövlət səviyyəsində ucaldılması isə onun milli tariximizdəki yerini daha da möhkəmləndirmişdir.
Bu gün üçrəngli bayrağımızın altında yaşayan milyonlarla azərbaycanlı ortaq milli ideallar ətrafında birləşir. Bayrağımızın rəngləri bizə kim olduğumuzu, hansı dəyərlərə sahib olduğumuzu və hansı gələcəyə doğru addımladığımızı xatırladır. Bu müqəddəs rəmzə ehtiram hər birimizin vətəndaşlıq borcudur.
Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri



