AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Ağdam Şəhər Günü – Qarabağın dirçəlişinin və milli qürurun təntənəsi

Ağdam… Tarixin ağır sınaqlarından keçən, illərlə doğma sakinlərinin qayıdışını gözləyən, bu gün isə yenidən quruculuq və tərəqqi dövrünü yaşayan qədim Qarabağ torpağı. Ağdam Şəhər Günü xalqımızın tarixi yaddaşını, milli iradəsini və torpaqlarımıza bağlılığını özündə əks etdirən əlamətdar günlərdən biridir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın şanlı Zəfəri ilə nəticələndi. Noyabrın 20-də Ağdam şəhərinin işğaldan azad edilməsi ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi hadisə oldu. Bu gün Ağdamın azadlığı həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində ümidlərin yenidən canlanması demək idi.

İşğal dövründə Ağdam şəhəri erməni vandalizminin ağır nəticələrinə məruz qalmış, tarixi və mədəni irsimiz dağıdılmış, şəhər xarabalığa çevrilmişdi. Lakin xalqımızın iradəsi və dövlətimizin qətiyyətli siyasəti Ağdamın yenidən qurulmasına yol açdı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Ağdamda müasir infrastrukturun yaradılması, yolların, yaşayış komplekslərinin, sosial obyektlərin, məktəblərin və digər mühüm müəssisələrin tikintisi şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Ağdamın Baş planının həyata keçirilməsi, sənaye parkının yaradılması, tarixi-mədəni abidələrin bərpası və şəhərin müasir urbanistik prinsiplər əsasında yenidən qurulması dövlətimizin Qarabağın gələcəyinə verdiyi böyük önəmin bariz nümunəsidir. Ağdam artıq yalnız keçmişin ağrılarını xatırladan şəhər deyil, həm də gələcəyə inamla addımlayan, iqtisadi və sosial potensialı ilə inkişaf edən bir məkandır.

Bu gün Ağdamda həyat yenidən canlanır, doğma yurdlarına qayıdan sakinlər öz evlərində yeni həyata başlayırlar. Hər bir tikilən bina, salınan küçə, açılan məktəb və yaradılan iş yeri Böyük Qayıdışın real nəticəsidir.

Ağdam Şəhər Günü münasibətilə hər bir azərbaycanlı bu torpağın tarixini, qəhrəmanlığını və dirçəlişini qürurla yad edir. Bu əlamətdar gün bizə bir daha xatırladır ki, xalqımızın birliyi, dövlətimizin gücü və milli həmrəyliyimiz qarşıya qoyulan ən böyük məqsədlərə çatmağın əsas təminatıdır.

Ağdamın yenidən qurulması Azərbaycanın gücünün, əzminin və sarsılmaz iradəsinin təcəssümüdür. Əminik ki, yaxın gələcəkdə Ağdam Qarabağın ən gözəl, müasir və inkişaf etmiş şəhərlərindən birinə çevriləcək.

20 Noyabr – Ağdam Şəhəri Günü mübarək! Ağdam yenidən qurulur, Qarabağ dirçəlir, Azərbaycan güclənir!

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button