
Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan Yeni Azərbaycan Partiyasının yaranmasından 34 il ötür. Bu əlamətdar tarix ölkəmizin siyasi həyatında yeni mərhələnin başlanğıcını, milli dövlətçilik ideyalarının möhkəmlənməsini və xalqın gələcəyə inamının formalaşmasını özündə ehtiva edir.
1992-ci il noyabrın 21-də ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətində, dövlətçiliyimizin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə xalqın tələbi və təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın təsis olunması Azərbaycanın gələcək inkişafı, siyasi sabitliyin təmin edilməsi və milli maraqların qorunması baxımından tarixi zərurət idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın böyük etimadını qazandı və ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, müdrik siyasəti və uzaqgörən strategiyası Yeni Azərbaycan Partiyasının ideoloji və siyasi əsaslarını formalaşdırdı. Partiya Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, demokratik dövlət quruculuğu, milli maraqların müdafiəsi və sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində mühüm missiya həyata keçirdi.
Bu gün Yeni Azərbaycan Partiyası öz fəaliyyətini Prezident, Partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirir. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada mövqelərini daha da gücləndirib, iqtisadi qüdrətini artırıb və tarixi Zəfərə imza atıb. 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir.
Yeni Azərbaycan Partiyası bu gün də ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və sosial islahatların fəal dəstəkçisi, cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən böyük siyasi platformadır. Partiyanın sıralarında birləşən minlərlə insan dövlətçilik ideyalarına, milli maraqlara və Azərbaycanın davamlı inkişafına sadiqlik nümayiş etdirir. Xüsusilə gənclərin partiya fəaliyyətində fəallığı, onların ictimai-siyasi proseslərdə iştirakı gələcəyə hesablanmış siyasətin mühüm göstəricisidir.
Partiyanın 34 illik fəaliyyəti göstərir ki, Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, həm də milli birlik, həmrəylik, sabitlik və tərəqqi ideyalarının daşıyıcısıdır. Bu illər ərzində partiya zamanın sınaqlarından uğurla keçərək dəyişən siyasi reallıqlara uyğun inkişaf edib, öz təşkilati potensialını və cəmiyyətdəki nüfuzunu daha da artırıb.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi və gələcək nəsillərə güclü Azərbaycan dövlətinin miras qoyulmasıdır.
Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə partiyanın bütün üzvlərini, fəallarını və tərəfdarlarını təbrik edirik. Əminik ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və Prezident, Partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə və milli maraqlarımızın qorunmasına öz töhfəsini verəcək.
34 il – Heydər Əliyev ideyalarına sədaqət, İlham Əliyev siyasəti ilə gələcəyə inam, güclü Azərbaycan naminə birlik və həmrəylik!
Yeni Azərbaycan Partiyasının 34-cü ildönümü mübarək!
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



