
Cəbrayılın coğrafi mövqeyi onun tarixən müxtəlif istiqamətlər arasında əlaqələrin formalaşmasında rol oynadığını göstərir. Rayon Araz çayının sahilində yerləşir, cənubdan İranla, qərbdən Zəngilan və Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli ilə həmsərhəddir.
Bu coğrafi mövqe müasir bərpa prosesində də əhəmiyyətlidir. Cəbrayılın nəqliyyat və logistika imkanlarının genişləndirilməsi rayonun yalnız daxili inkişafına deyil, daha geniş regional əlaqələrə qoşulmasına şərait yarada bilər.
2024-cü ildə Cəbrayıl rayonunda Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməllərinin qoyulması ərazidə yaşayış coğrafiyasının genişləndirildiyini göstərir.
Digər tərəfdən, Xudafərin və Qız Qalası hidroqovşaqları Cəbrayılın Araz çayı üzərindəki coğrafi mövqeyinin enerji və su təsərrüfatı baxımından əhəmiyyətini artırır. Bu layihələr Azərbaycan və İran arasında sərhədyanı əməkdaşlığın konkret infrastruktura çevrilmiş nümunələrindəndir.
Beləliklə, Cəbrayılın coğrafiyası onun yeni inkişaf mərhələsində mühüm resurslardan birinə çevrilir. Tarixi mövqe, nəqliyyat bağlantıları, enerji infrastrukturu və sərhədyanı layihələrin bir-biri ilə əlaqələndirilməsi rayonun regional iqtisadi sistemdə rolunun formalaşmasına təsir göstərə bilər.
Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı



