
Görüşü giriş nitqi ilə açan Bakı Humanitar Kollecin direktoru Nərmin Qaralova bildirdi ki, partiyanın VIII Qurultayı Azərbaycanın siyasi həyatında mühüm mərhələnin başlanğıcını ifadə edən tarixi hadisə kimi yadda qaldı. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən qurultay yalnız partiyanın ötən dövr ərzindəki fəaliyyətinə nəzər salınması ilə məhdudlaşmadı. Bu ali toplantı Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin siyasi baxımdan dəyərləndirilməsi, qarşıda duran məqsədlərin müəyyənləşdirilməsi və yeni dövrün çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin ortaya qoyulması baxımından xüsusi əhəmiyyət daşıdı.
Görüşdə geniş nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov vurğuladı ki, partiyanın VIII Qurultayında Azərbaycanın əldə etdiyi hərbi-siyasi nəticələr də geniş şəkildə nəzərdən keçirildi. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ölkənin müasir tarixinin əsas hadisələri sırasında göstərildi. Prezident İlham Əliyev bu iki hadisənin yalnız Azərbaycan üçün deyil, regional və beynəlxalq münasibətlər baxımından da əhəmiyyət daşıdığını bildirdi. Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra Azərbaycanın qarşısında yeni vəzifələr meydana çıxıb. Bu vəzifələrin əsas istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Qarabağ və Şərqi Zəngəzurda artıq 96 min insan yaşayır, işləyir və təhsil alır. Həmin ərazilərin inkişafına 28 milyard manat vəsait ayrılıb. Qurultayda qeyd olunan tarixi məqamlar YAP-ın fəaliyyətinin yalnız partiya strukturu çərçivəsində deyil, Azərbaycanın siyasi tarixinin ayrı-ayrı mərhələləri ilə əlaqəli şəkildə nəzərdən keçirilməsinə imkan verir. Təsis qurultayından sonrakı dövrdə ölkənin siyasi və iqtisadi inkişafında baş verən dəyişikliklər, Azərbaycanın beynəlxalq münasibətlər sisteminə daha fəal inteqrasiyası və xarici tərəfdaşlarla əlaqələrin genişlənməsi tədbirdə səsləndirilən fikirlər sırasında oldu.







